- 461
Google ChatGPT-yə Meydan Oxuyur: Süni İntellektin Yeni Dövrü
Google axtarışla kifayətlənmir: Süni intellekt dövrü rəsmi olaraq başladı
Google I/O 2025 tədbirində texnologiya nəhəngi axtarış anlayışını tamamilə dəyişən bir yanaşma ilə çıxış etdi. Google artıq sadəcə məlumat tapan deyil, yerinizə iş görən bir süni intellekt agenti kimi fəaliyyət göstərir. Bu, sadəcə bir yenilik deyil – bu, yeni bir dövrün başlanğıcıdır.
Google süni intellekti artıq yazı yazan bir model kimi deyil, real həyatın bir hissəsi olan və alış-veriş edən, 3D görüşlərə qatılan, video və musiqi yaradan, gündəlik tapşırıqları icra edən bir "agent" kimi təqdim edir. Bu yanaşma ilə Google, "axtarış motoru" dövrünü rəsmi olaraq arxada qoyduğunu göstərdi.
Project Astra ilə istifadəçilər yalnız yazı deyil, şəkillərlə də süni intellektlə ünsiyyət qurur. Kamera vasitəsilə obyektləri tanıya bilən bu sistem, şagirdlərə dərs izah etməkdən tutmuş problem həllinə qədər bir çox sahədə istifadə oluna bilər.
Digər bir yenilik olan Google Beam, fiziki olaraq eyni məkanda olmadan belə qarşı tərəflə göz təması quraraq danışma imkanı verir. 3D skan və işıq sahəsi texnologiyası sayəsində görüşlər daha real və interaktiv olur.
Texnologiyanın sərhədlərini aşan digər layihələr arasında Imagen 4 ilə poster və karikaturalardan tutmuş fotogerçəkçi detallı görüntülərə qədər yaradıcı dizaynlar hazırlamaq mümkündür. Veo 3 isə yalnız video yaratmır, 4K keyfiyyətdə səs, səhnə və dialoqları da süni intellektlə qurur. Sadəcə bir səhnə təsviri ilə kinoya bənzər videolar hazırlamaq artıq reallıqdır.
Google-ın təqdim etdiyi Flow platforması isə bütün bu alətləri birləşdirərək istifadəçilərə mətndən görüntüyə, videoya və səhnəyə qədər vahid bir interfeysdə yaradıcılıq imkanı verir.
Bununla yanaşı, Gemini Pro 2.5 yalnız kod yazmaqla kifayətlənmir. Bir ideyanı 3D tətbiqə çevirir, səhnə qurur, animasiya əlavə edir və nəticəni işlək veb tətbiq kimi təqdim edir.
Bütün bu təqdimatların əsas mesajı isə belə oldu: "There is an agent for that" – yəni, nə etmək istəsəniz, artıq bunu sizin yerinizə görəcək bir agent var. Google artıq sadəcə “axtarış” deyil, gündəlik həyatda əməldə olan bir texnoloji köməkçidir.
Sonda Google-ın təqdim etdiyi əsas yenilikləri ümumiləşdirərək sizə təqdim edirik:
- Project Astra: Kameradan və real görüntülərdən istifadə edərək ətraf mühiti tanıyır, istifadəçiyə dərs izah edir, suallara cavab verir.
- Google Beam: Videozəng zamanı qarşı tərəflə real göz təması imkanı yaradır – sanki eyni otaqdasanız.
- Imagen 4: Sözlərdən istifadə edərək reklam posteri, karikatura, hətta fotogerçəkçi görüntülər yaradır.
- Veo 3: Təsviri bir neçə cümlə ilə verilmiş ssenari əsasında 4K keyfiyyətli video, səs, dialoq və səhnə quruluşu ilə birlikdə hazırlayır.
- Gemini Pro 2.5: Təkcə kod yazmır, 3D səhnə yaradır, işıqlandırma, animasiya və tətbiq yerləşdirmə işlərini özü görür.
- Flow Platforması: Imagen, Veo, Gemini kimi alətləri birləşdirərək mətndən vizuala və videoya keçidi asanlaşdırır.